12.02.2021
12 fevral 2021- ci il tarixdə Qazax rayon MKS-nin təşkilatçılığı ilə Daş Salahlı kənd 1 nömrəli kitabxana filialı yazıçı Abdulla Şaiqin anadan olmasının 140 illiyinə həsr olunmuş “Nağılların incisi-Tıq-tıq xanım” adlı onlayn formatda uşaq səhərciyi keçirib. Tədbirdə Daş Salahlı kənd Ş.Cəbiyev adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri və azyaşlı uşaqlardan bir qrup iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Hicranə Məmmədova Azərbaycan Uşaq ədəbiyyatının ən görkəmli nümayəndəsi Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında ətraflı məlumatında onun milli uşaq ədəbiyyatının və teatrının banisi kimi həm də oxucuların bu gün də sevə-sevə oxuduğu əsərlərin müəllifi və tərcüməçisi olduğunu qeyd edib. MKS-nin direktoru Solmaz Babanlı çıxışında Abdulla Şaiqin milli uşaq ədəbiyyatının banisi olmaqla, həm də onun ölkəmizdə hər bir kəsin xüsusən də, kasıb uşaqların pulsuz oxuyub savadlanması üçün kitabxanalar açılmasının əsasını qoyduğunu nəzərə çatdırıb. Hicranə Məmmədova Abdulla Şaiqin “Sözün qiyməti” adlı nağılını söyləyib, körpə fidanlar Abdulla Şaiq yaradıcılığından seçmə şeirlər və nağıllar danışıblar.
Tədbirdə məqsəd uşaqlarda mütaliəyə marağın formalaşdırılması və klassik uşaq ədəbiyyatı incilərimizlə onları yaxından tanış etməkdir.