25.02.2025
25 fevral 2025 - ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzinin və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə "Xocalı Sən Azadsan" adlı tədbir keçirildi. Tədbirdə müharibə veteranları, qazilər, şəhid ailələrinin üzvləri iştirak edirdi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən söhbət açdılar. Çıxışlarda Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verildi. O cümlədən qeyd edildi ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Leyla xanım Əliyevanın "Xocalıya ədalət" layihəsi hər il uğurla həyata keçirildiyi bildirildi. Heydər Əliyev Fondu və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu bu vaxtadək dünyanın yüzədək ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlərin keçirildiyi qeyd olundu.
Çıxışlarda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanın yerdə qalmadığı, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndiyi vurğulandı. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdiyi xüsusi qeyd olundu.
Tədbirin sonunda Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış " Ana fəryadı" adlı tamaşa nümayiş olundu.