27.05.2025
27.05.2025-ci il tarixdə Qaxaz-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə Əhməd Cavad adına Mədəniyyət Mərkəzində “Müsəlman şərqinin ilk günəşi - Azərbaycan Cümhuriyyəti” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib.
Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmlənib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır.
Tədbir ədəbi-bədii proqramla davam etdirilib.
“Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir” adlı kitab sərgisi tərtib edilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti, qurucuları, dövlət rəmzləri, müstəqilliyimizin bərpası, müstəqil, azad və bütöv Azərbaycan dövlətinin tarixi haqqında ədəbiyyatlar nümayiş edilib.
#QazaxTovuzRMİ #28May #MüstəqillikGünü